Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” (Well control) təlim proqramının “Supervayzer” səviyyəsi üzrə tədris olunan növbəti kurs uğurla tamamlanıb.
Təlim ABŞ-ın Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (IADC) tərəfindən akkreditə edilib və beynəlxalq standartlara tam cavab verən proqram əsasında təşkil olunub. SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin əməkdaşları üçün təşkil olunan kurs müddətində dinləyicilərə quyuda qazma işləri zamanı yarana biləcək təzahürlərin vaxtında aşkarlanması, onlara nəzarət edilməsi və qarşısının alınması üzrə qabaqcıl bilik və bacarıqlar aşılanıb.
Təlimi müvəffəqiyyətlə başa vurmuş bütün dinləyicilər beynəlxalq səviyyədə tanınan sertifikatlara və vəsiqələrə layiq görülüblər. Bu sənədlər onların neft-qaz sahəsində yüksək ixtisaslı mütəxəssis kimi tanınmasına, həmçinin beynəlxalq layihələrdə iştirak imkanlarının genişlənməsinə şərait yaradır.
Qeyd edək ki, TTSİ-də mütəmadi olaraq təşkil olunan beynəlxalq akkreditasiyalı təlimlər SOCAR-ın sənaye təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və yerli mütəxəssislərin dünya standartları səviyyəsində hazırlanmasına xidmət edir.