Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi tərəfindən SOCAR qrupuna daxil müəssisə və təşkilatlarda idarəetmə sistemlərinin beynəlxalq standartların tələblərinə uyğun qurulması, təkmilləşdirilməsi və sertifikatlaşdırma prosesinə hazırlanması məqsədilə peşəkar məsləhət xidmətləri göstərilir. Bu xidmətlər yalnız ayrı-ayrı istiqamətlərlə məhdudlaşmayaraq, bütün ISO menecment sistemləri standartlarını əhatə edir və təşkilatların fəaliyyət xüsusiyyətlərinə uyğun şəkildə kompleks yanaşma əsasında həyata keçirilir.
Məsləhət xidmətlərinin əsas məqsədi mövcud idarəetmə sistemlərinin beynəlxalq tələblərə uyğunluq səviyyəsinin artırılması, proseslərin effektivliyinin yüksəldilməsi, risklərin sistemli şəkildə idarə olunması və müəssisələrin sertifikatlaşdırma auditlərinə hazır vəziyyətə gətirilməsidir.
Xidmətlərin göstərilməsi zamanı aşağıdakı əsas tədbirlər həyata keçirilir:
Müəssisənin mövcud idarəetmə sisteminin ilkin qiymətləndirilməsi (gap analizi) və müvafiq ISO standartlarının tələbləri ilə müqayisəli təhlilinin aparılması;
Təşkilatın kontekstinin, maraqlı tərəflərinin, risk və imkanlarının müəyyən edilməsi və təhlili;
Müxtəlif istiqamətləri əhatə edən inteqrasiya olunmuş idarəetmə sisteminin qurulması və ya təkmilləşdirilməsi üzrə yol xəritəsinin hazırlanması;
Siyasət, prosedur, təlimat və digər sənədləşdirilmiş məlumatların hazırlanması, strukturlaşdırılması və optimallaşdırılması;
Proseslərin xəritələndirilməsi, qarşılıqlı əlaqələrin müəyyən edilməsi və performans göstəricilərinin formalaşdırılması;
Risklərin və imkanların idarə olunması mexanizmlərinin tətbiqi;
Ətraf mühit aspektlərinin, əməyin mühafizəsi risklərinin və digər sahəvi risklərin qiymətləndirilməsi və idarə olunması;
Daxili auditlərin planlaşdırılması və keçirilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması;
Rəhbərliyin təhlili prosesinin təşkili və effektivliyinin artırılması;
Sertifikatlaşdırma auditlərinə hazırlıq, o cümlədən sınaq auditlərinin (pre-audit) keçirilməsi və audit zamanı metodoloji dəstək.
Bununla yanaşı, məsləhət xidmətləri çərçivəsində müəssisələrin əməkdaşları üçün müvafiq ISO standartları üzrə maarifləndirmə təlimləri, eləcə də daxili və aparıcı auditor təlimləri də təşkil olunur. Bu təlimlər idarəetmə sistemlərinin tələblərinin mənimsənilməsi, praktiki tətbiq bacarıqlarının formalaşdırılması və davamlı təkmilləşdirmə mədəniyyətinin inkişaf etdirilməsinə yönəldilmişdir.
Təqdim olunan məsləhət və təlim xidmətləri müəssisələrdə dayanıqlı və inteqrasiya olunmuş idarəetmə sistemlərinin formalaşdırılmasına, beynəlxalq sertifikatların əldə edilməsinə və ümumi fəaliyyət effektivliyinin artırılmasına xidmət edir.