Menyu

Attestasiya

Sənaye üçün peşəkar təlim və sertifikatlaşdırma xidmətləri təqdim edirik.

Neft-qaz sənayesinin, tikintinin və nəqliyyatın ayrı-ayrı sahələrində metal konstruksiyaların hazırlanması, boru kəmərlərin çəkilməsi üçün əsas texnoloji proseslərdən biri də qaynaq işləridir. Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzinin (CTCC) Fiziki sınaq laboratoriyasının (radioqrafiya, ultrasəs, maqnit tozu və penetrant müayinələri) və Mexaniki sınaq laboratoriyasının (dartma, əymə, bərklik və zərbə özlülüyü sınaqları) rəyləri əsasında yerinə yetirilən qaynaq tikişlərinin keyfiyyətinin yoxlanılması ilə bərabər, Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi vasitəsilə qaynaqçılar attestasiyadan keçirilir və işə qəbul üzrə peşə sınağına cəlb edilir. 

CTCC, TS EN ISO 17024 “Personalın sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və TS EN ISO/IEC 17025 “Sınaq laboratoriyaları üçün ümumi şərtlər” standartına görə qeydiyyatdan keçərək sertifikatlaşdırılmışdır.

Mexaniki və fiziki sınaq laboratoriyalarında qaynağın dağılan və dağılmayan müayinə metodları ilə yoxlanılması həyata keçirilir. Fiziki sınaq laboratoriyasının (radioqrafiya, ultrasəs, maqnit tozu və penetrant müayinələri) və Mexaniki sınaq laboratoriyasının (dartma, əymə, bərklik və zərbə özlülüyü sınaqları) rəyləri əsasında yerinə yetirilən qaynaq tikişlərinin keyfiyyəti yoxlanılır.

Bütün bu işləri yerinə yetirmək üçün CTCC-nin balansında olan və müasir tələblərə cavab verən qaynaq emalatxanası fəaliyyət göstərir. Emalatxanada qaynaq işlərinin sertifikatlaşdırılmasını yüksək səviyyədə aparmaq üçün beynəlxalq standartların tələblərinə cavab verən aşağıdakı cihaz və avadanlıqlardan istifadə olunur: 

  • Lincolin Invertec V405-S
  • GekaMac RKM 450
  • Lincolin Invertec V205-T (arqon qövs qaynağı üçün) 
  • KempoMat 4200 (yarımavtomat və avtomat)

Sadalanan işləri beynəlxalq tələblərə uyğun olaraq aparmaq üçün CTCC-də IWE “Beynəlxalq qaynaq mühəndisi” və IWI “Beynəlxalq qaynaq inspektoru” diplomlu 2 nəfər, NDT “Dağılmayan müayinə metodları” III səviyyə üzrə isə 1 nəfər sertifikatlı mütəxəssis çalışır. 

Fiziki sınaq laboratoriyasında Qeyri-destruktiv müayinə metodları – Ultrasəs, Radioqrafiya, Maqnit tozlama və Penetrant müayinə metodları ilə SOCAR müəssisələri və kənar təşkilat və müəssisələrdə çalışan qaynaqçı personalların qaynaq etdiyi sınaq nümunələrinin keyfiyyəti təyin edilir.

2012-2025-ci illər ərzində Fiziki sınaq laboratoriyasında beynəlxalq standartların tələblərinə uyğun olan yüksək səviyyəli peşəkar (III səviyyəli personal) mütəxəssislər tərəfindən SOCAR-da, həmçinin kənar müəssisə və təşkilatlarda (BOS SHELF MMC, SGS LTD, İNTOKS MMC, ARCHİCO MMC və s.) çalışan Qeyri-destruktiv müayinə metodu operatorlarına (defektoskopçu) müvafiq müayinə metodları üzrə I və II səviyyə kursları tədris olunmuş, müvafiq səviyyə sertifikatları təqdim edilmişdir. 

Ümumilikdə 225 nəfər operator Radioqrafiya müayinə metodu üzrə, 259 nəfər Ultrasəs müayinə metodu üzrə, 226 nəfər Maqnit tozlama müayinə metodu üzrə, 117 nəfər Penetrant müayinə metodu üzrə I və II səviyyəli sertifikatlara layiq görülmüşdür. 

Mexaniki sınaq laboratoriyası təlim və attestasiyalarda iştirak edən qaynaqçıların sınaq nümunələrini, Qaynaq proseduru spesifikasiyalarının hazırlanması zamanı sınaq nümunələrinin dağılan müayinə metodları ilə sınaqlarını aparır və müvafiq rəylər verir. Laboratoriyada sınaq və attestasiya olunan qaynaqçılar qaynaq sınaq nümunələri ilə təmin edilir.

Mexaniki sınaq laboratoriyasında hər il 100-ə qədər metalların və qaynaq birləşmələrinin möhkəmlik, axıcılıq, nisbi uzanma və nisbi daralma xüsusiyyətlərini müəyyən etmək üçün dartma sınağı, plastiklik xüsusiyyətlərinin müəyyən etmək üçün əymə sınağı, materiallarının sərtlik xüsusiyyətlərini müəyyən etmək üçün Brinell, Rokvell və Viker bərklik sınağı, materialların müxtəlif temperaturlarda zərbəyə qarşı davamlılığını müəyyən etmək üçün Şarpi sınaqları aparılır.

Laboratoriya yuxarıda sadalanan sınaqların aparılması üçün müasir tələblərə cavab verən dartma “UTM – 60”, əymə “UTM – 60”, bərklik ölçən “BMS 200 –RBOV” , şarpi cihaz “15-30 kpm kəfkirli kapyor” avadanlıqları, eləcə də dərin dondurucu ilə təmin olunmuşdur.

2018-ci ildə CTCC-nin qaynaq mərkəzləri və sınaq laboratoriyaları DVS 1102 direktivinin tələbləri əsasında Technischer Überwachungs-Verein (TÜV) Thüringen e.V. şirkəti tərəfindən attestasiya edilmişdir. Attestasiyanın yekunlarına əsasən, CTCC-də fəaliyyət göstərən qaynaq emalatxanalarının qaynaqçıların hazırlanması üzrə texniki standartlara uyğunluğu təsbit olunmuşdur. 

Hazırda CTCC-də təşkilat və müəssisələrin sifarişləri əsasında qaynaqçıların 7 müxtəlif metod üzrə (əllə elektrik qövs qaynağı, metal-qövs inert qaz qaynağı, metal-qövs aktiv qaz qaynağı, aktiv qoruyucu qazla bütöv tel metal qövs qaynağı, volfram inert qaz-qövs qaynağı, oksigen asetilen qaynağı və polietilen qaynağı) sertifikatlaşdırılması həyata keçirilir. 

Qaynaq işlərinin sertifikatlaşdırılması şöbəsi tərəfindən bu günədək 11300 nəfər attestasiyadan keçirilib və işə qəbul üzrə peşə sınağına cəlb edilib. Eyni zamanda, SOCAR-ın müəssisələrində çalışan Qeyri-destruktiv müayinə (NDT) mütəxəssisləri üçün “Ultrasəs müayinə metodu”, “Penetrant müayinə metodu”, “Rentgen müayinə metodu” və “Maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar təşkil edilib.