Məmnuniyyətlə bildiririk ki, CTCC Böyük Britaniyanın Lifting Equipment Engineers Association (LEEA) tərəfindən “Takelaj və Qaldırma Səviyyə 3” təlimi üzrə beynəlxalq akkreditasiyaya layiq görülüb.
Akkreditasiya prosesi çərçivəsində təlim materialları və zəruri sənədlər LEEA tərəfindən təsdiqlənmiş, audit prosesi uğurla yekunlaşdırılmış və təlim LEEA-nın təlim portalında aktivləşdirilmişdir.
Təlimin strukturu və qiymətləndirmə
“Takelaj və Qaldırma Səviyyə 3” təlimi 5 iş günü müddətində keçirilir:
- İlk 3 gün ərzində nəzəri tədris həyata keçirilir;
- Nəzəri hissənin sonunda mürəkkəb riyazi hesablamaları və real takelaj və qaldırma əməliyyatlarını əhatə edən ssenari əsaslı nəzəri imtahan keçirilir;
- Nəzəri imtahandan uğurla keçən iştirakçılar praktiki təlim mərhələsinə buraxılır;
- 5-ci gün LEEA tərəfindən təsdiqlənmiş qiymətləndirmə meyarlarına əsasən praktiki imtahan keçirilir.
Təlimdə iştirakçı sayı maksimum 6 nəfər təsdiqlənmişdir.
Təlimçi və qiymətləndirici qismində Yaşar Quluyev LEEA tərəfindən təsdiq edilmişdir.
Prerekvizitlər
Təlimdə iştirak üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Etibarlı Takelaj və Qaldırma Səviyyə 1 sertifikatına malik olmaq; və
- Aşağıdakılardan birinə sahib olmaq:
- etibarlı Takelaj və Qaldırma Səviyyə 2 sertifikatı; və ya
- müvafiq takelaj və yükqaldırma işləri üzrə minimum 6 aylıq iş təcrübəsini təsdiq edən işəgötürən tərəfindən təqdim edilmiş rəsmi sənəd.
Bu akkreditasiya ilə CTCC yükqaldırma və takelaj sahəsində beynəlxalq standartlara uyğun daha yüksək səviyyəli peşəkar hazırlıq imkanlarını genişləndirir.
Təlim müvafiq təcrübəyə malik mütəxəssislərin bilik və bacarıqlarının daha yüksək səviyyədə inkişaf etdirilməsinə, eləcə də mürəkkəb takelaj və qaldırma əməliyyatlarının təhlükəsiz və peşəkar şəkildə həyata keçirilməsi üçün zəruri kompetensiyaların formalaşdırılmasına yönəlib.